top of page

Türkiyəli iş adamı Azərbaycana 50 min həb göndərəcək


Türkiyənin məşhur dərman istehsalçısı “Abdi İbrahim” koronavirusla (COVID-19) mübarizəyə verdiyi dəstəyi beynəlxalq müstəviyə çıxarıb. Epidemiyanın yayılmağa başladığı ilk günlərdən hərəkətə keçən şirkət xammal alaraq 1 milyon 600 min həb istehsal edib. İlin sonuna qədər bütün istehsal məhsullarını Qazaxıstan, Əlcəzair və Azərbaycana bağışlamağı öhdəsinə götürüb.  

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, epidemiya ilə qlobal mübarizəni dəstəkləyən şirkət artıq 100 min xlorofin fosfat dərmanı və 7 min asetilsistein məhsulunu istehsal müəssisələrinin yerləşdiyi Qazaxıstana bağışlayıb. Növbəti mərhələdə isə, Əlcəzairə 100.000 və Azərbaycana 50.000 həb xlorofin fosfat hədiyyə ediləcəyi açıqlanıb.

Şirkətin idarə heyətinin rəhbəri Nezih Barut bildirib ki, şirkət olaraq, əsas prioritetləri insan sağlamlığı, həyatı və dünyanı yaxşılaşdırmaqdır: “Həm əczaçılıq sektoru olaraq, həm də ölkə olaraq, epidemiya ilə mübarizədə güclü bir mövqe tuturuq. Yerli şirkət olaraq, atdığımız hər addımda ölkə brendini dəstəkləmək üçün məsuliyyət daşıyırıq. Bu anlayışla ilk növbədə fəaliyyət göstərdiyimiz üç ölkəyə dərman yardımı etmək qərarına gəldik. Bu günə qədər olduğu kimi, məsuliyyəti öz üzərimizə götürməyə və epidemiya ilə mübarizəni hər səviyyədə dəstəkləməyə davam edəcəyik. "

Barut qeyd edib ki, epidemiyanın yayılmağa başladığı ilk dövrlərdən şirkətin istehsal etdiyi həblər ölkənin müalicə protokoluna daxil olan dərmanlardan biri olub və buna görə dərhal xammal təchizatına başlanılıb: “Bir çox başqa ölkələr və şirkətlər uğur qazana bilməsələr də, güclü təchizat şəbəkəmiz və əlaqələrimiz sayəsində xammalımızı təmin edərək 1 milyon 600 min tablet istehsal etdik. İlin sonuna qədər Səhiyyə Nazirliyinin bu dərmanla əlaqəli bütün ehtiyaclarını təmin etməyi öhdəmizə götürdük.

Əsası qurucumuz Abdi İbrahim bəy tərəfindən qoyulmuş və 108 ildən bəri nəsildən-nəslə keçərək davam edən Abdi İbrahim ənənəsindəki ən vacib prinsipimiz həyatı və dünyanı yaxşılaşdırmaq əzmimizdir. Bu prinsipə uyğun olaraq insanlara xidmət kimi təqdim etdiyimiz yardımları görürük və inanırıq ki, bu çətin günləri birlik və həmrəyliklə dəf edəcəyik. " Azadpress.az

Comments


bottom of page