top of page

Tamaşaçılar Azərbaycan Televiziyasındakı dəyişikliyə münasibət bildiriblər


Azadpress.az analitik-informasiya portalının “Azərbaycan Televiziyaları” səhifəsi ilə birgə apardığı sorğunun nəticələri açıqlanıb.


Sorğuda iştirak edənlər Dövlət telekanalı olan Azərbaycan Televiziyasında dəyişiklərə münasibət bildiriblər.

Sosial şəbəkələrdə “Yaxşı”,”Orta”,”Pis” meyarları ilə səsvermə keçirilib. Səsvermədə iştirak edənlərin 9%-i dəyişikliyi pis, 23%-i orta,68% yaxşı qiymətləndirib.

Şərh yazanlar kanalda dövlət dilinin səlis olmasını, xəbər diktorlarının görünüşünü və diksiyasını bəyəndiklərini, Azərbaycan Televiziyasının yeni loqosunun əvvəlkinə nisbətən daha müasir, Avropasayağı olduğunu, yaradıcı verilişlərin baxımlılığını qeyd ediblər. Respondentlər tənqidlərini də yazıblar. Ən çox tənqid olunan məsələ əvvəlki illərdə telekanalın əhali arasında nüfuzunu itirməsi olub.

Azərbaycan Televiziyasındakı dəyişikliyə tanınmış tənqidçi-jurnalist Sevda Sultanova münasibətini belə bildirib:

"Rövşən Məmmədov Azərbaycan Dövlət Televiziyasına sədr təyin olunandan sonra kanal ənənəvi ritorikadan arınmağa başlayıb. Yeni, keyfiyyətli kadrlara üstünlük verilir, çevikliyə, yenilikçiliyə, aktuallığa ciddi cəhdlər duyulur. Üstəlik, AzTV-nin özəl kanallardan fərqi onun mədəni səviyyəsini qorumasındadır."

Milli Məclisin Mədəniyyət komitəsinin sədri,akademik Rafael Hüseynov isə Azərbaycan Televiziyasındakı daxili prosesləri belə qiymətləndirib:

“ AzTV-nin daxili həyatına onillər boyu bələd olan bir insan kimi görür və fərəhlənirəm ki, şirkətdə mənəvi sağlamlaşma necə könülaçan nəticələr verməkdədir. Vaxtilə dedi-qodularla çalxalanan kollektiv indi qaynar işgüzarlıqla doludur, çoxlu yeni və istedadlı cavanlar cəlb edilib, əvvəlki əsəbi, qanıqara mühitdən əsər-əlamət yoxdur. Sanki əməkdaşların şövqü, çalışmaq həvəsi, ilhamı da artıb. Bu isə ən mühüm olanıdır. AzTV mühitində canayatan yaradıcılıq mühiti formalaşdırmaq qətiyyən rahatlıqla başa gələn sadə iş deyil. Buna nail olunub! İnanıram ki, ən çətin olan həmin mərhələ keçilibsə, demək, qarşıda bizi AzTV-nin daha ürəkaçan nailiyyətləri gözləyir.”


Beləliklə, Dövlət telekanalındakı dəyişikliklər tamaşaçıların əksəriyyəti tərəfindən yaxşı qəbul olunur. Ümid edirik ki,Azərbaycan Televiziyası tamaşaçıların etimadını daha da doğruldacaq və yeni mövsümdə də rəngarəng efirlə seçiləcək.

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page