Tibbi maska taxmayan sərnişinlərin ictimai nəqliyyata buraxılmaya bilər



Bakıda tibbi maska taxmayan sərnişinlərin ictimai nəqliyyatdan istifadəsi məhdudlaşdırıla bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. O deyib ki, tibbi maska taxmayan sərnişinlərin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə girişinə, oradakı xidmətlərdən istifadəsinə də icazə verilməyəcək.

BNA səlahiyyətlisinin sözlərinə görə, artıq vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb: "Bu çərçivədə ilk tədbir "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. Yerli polis orqanının əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb. Maarifləndirici söhbətlər aparılıb və sanitar rejimin tələbləri izah edilib. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb. Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacaqlarda, avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir. Analoji tədbir mütəmadi olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək. Tədbirlərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əməkdaşları da iştirak edirlər. Məlumat üçün bildirim ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sərnişin avtobuslarının üzərindəki reklam yerlərində və salonunda sosial izolyasiya qaydalarını təşviq edən lövhələr də yerləşdirilib". M.Ağayev bildirib ki, aksiya çərçivəsində gün ərzində sərnişinlərə 1000-2000 tibbi maska paylanılıb: "Bəzən sərnişinə maska verdikdə onu yenidən cibinə qoyur. Bu cür biganə münasibətlər var. Amma sevindirici haldır ki, bu cür hallar çox deyil. İctimai nəqliyat ümumi istifadədə olan nəqliyyat vasitəsidir. Burada tələblərə əməl etmək sərnişinləin hər birinin borcudur. Ona görə də tibbi maska taxmayan sərnişinlərin nəqliyyat vasitəsindən istifadəsi məhdudlaşdırıla bilər". Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.