top of page

Torpaq sahəsi olanların hamısının məşğul sayılması ədalətsizlikdir


Ekspert “Məşğulluq haqqında” qanuna dəyişiklik olunmasını zəruri sayır

Kənd təsərrüfatı torpaqları olan şəxslərin qanunvericilikdə avtomatik məşğul sayılması məsələsi son iki ayda ən çox müzakirə olunan məsələlələrdən biridir. Ölkənin əksər müstəqil ekspertləri, millət vəkilləri bu sahədə qanunverciliyə dəyişiklik olunmasını təklif edirlər. Bununla bağlı Milli Məclisdə də məsələ qaldırılıb.

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, ucdantutma bütün torpağı olanların məşğul sayılması istər beybəlxalq təcürbə, istərsə də beynəlxalq metodologiya baxımından yanlış yanaşmadır: “Qəfil gələn böhran da bu arqumentin haqlı olduğunu göstərdi. Ən azından indi yanaşma dəyişməlidir. Təcili “Məşğulluq haqqında” qanuna dəyişiklik olunmalıdır. Bir metdodiki yanaşma deyim: bir nəfər üçün aylıq yaşayış minimumu orta hesabla 190 manat təşkil edir. Demək orta statisitk ailəni 4 nəfər götürsək, bu ailənin il ərzində minimum yaşayışını təmin etmək üçün 9400 manata yaxın vəsait lazımdır. O da mümkündür ki, bir çox ölkələrdə olduğu kimi, fərdlə yanaşı, ailə üçün də ayrıca yaşayış minimumu təsdiqlənsin.

Bu hədd yoxsulluğun sərhəddidir - yəni bu həddə pul qazananlar yoxsullardır. Beynəlxalq praktikaya görə, həmin səviyyədən aşağı hədd aclıq həddidir. İndi gəlin belə bir hesablamaya cəhd edək: 1 ha torpaqda insanlar nə əkib-becərə, nə qədər heyvan saxlaya bilər ki, orta statistik ailənin minimum yoxsulluq həddindən yuxarı yaşaya bilməsini təmin etsin?"


Ekspert maraqlı təklif irəli sürür: “Hökumətin müvafiq strukturlarının (Kənd Təsərrüfatı Nazirliyi, İqitsadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi) mütəxəssislərindən ibarət bir komissiya yaradılsın, müxtəlif əkin növləri və ya sırf heyvandarlıq məqsədilə istifadə olunan 1 ha torpağın keyfiyyət qrupundan (4 qrup var) asılı olaraq gəlir əldə etmə potensialını hesablasınlar, ildə bir dəfə yaşayış minimumu kimi bu hesablamanı da təzələsinlər.

Bütün fəaliyyət növləri üzrə xərclər çıxılmaqla orta gəlirliliyi hesablasınlar, kəndlilər də ildə bir dəfə öz torpaqlarında nə becərdikərini elektron kənd təsərrüfatı sistemində qeydə aldırsınlar. Artıq bu məlumat və qaydalar olduqdan sonra 1 hektarın bazasında ailələrin orta gəlirliliyini hesablamaq da problem olmayacaq.

Bu hesablama nəticəsində orta statistik əmək qabiliyyətli şəxsin məşğul sayılması üçün kafi sayıla biləcək torpaq sahəsinin də həcmini müəyyən etmək çətin olmayacaq. Bu, həm də sosial müdafiə sisteminə ədalətin də gətirilməsi üçün çox önəmlidir. Ailədə adambaşına 0.2 ha torpağı və 2 ha torpağı olan insanları eyni meyarla məşğul saymaq çox ədalətsizdir”.

R.Ağayev başqa bir təcrübəni də qeyd edir: “Bəzi postsovet ölkələrində aşağı ölçülü torpaq sahəsi olan və fermer kimi qeydiyyata düşməyən ailə təsərrüfatlarını "həvəskar", "öz tələbatını ödəyən" fəaliyyətlə məşğul olanlar kimi uçota alırlar. Və fermer kimi uçota alınanlardan fərqli olaraq, bunları heç də avtomatik məşğul sayıb ədalətsizcəsinə dövlətin sosial müdafiə sisteminin əhatəsindən kənara atmırlar”. Azadpress.az #azadpress Musavat.com

bottom of page