top of page

Türkiyə nüvə silahına malik olacaqmı?


Hindistan mediası: “Pakistan Türkiyəyə nüvə texnologiyası ötürür” “Turkey-Pakistan in top-level discussion over nuclear weapon program” (Ən üst səviyyədə nüvə silahı proqramı üzrə Türkiyə-Pakistan danışıqları gedir).


Hindistanın “zeenews.india.com” saytında bu başlıq altında gedən məqalədə bu danışıqlardan bəhs olunur. Sözügedən məqalənin məğzinə keçməzdən öncə onu qeyd edək ki, Pakistanla Hindistan arasında Kəşmir problemi mövcuddur. Bu problemin vurğuladığımız məqaləyə birbaşa dəxli var. Çünki Türkiyə Kəşmir məsələsində birmənalı şəkildə Pakistanın mövqeyindən çıxış edir. Bu isə Hindistanda narahatlıqla qarşılanır. Qeyd edək ki, tarixi Kəşmir vilayəti 1947-ci ildən, Hindistan müstəqilliyə qovuşandan münaqişə zonasına çevrilib. Hazırda bu vilayətə məxsus olan ərazinin 45 faizi, əhalinin isə 70 faizi Hindistanın nəzarətindədir. Vilayətin 35 faiz ərazisi isə Pakistanın əlindədir. Həmin ərazi Azad Kəşmir adlanır. Kəşmir vilayətinə məxsus ərazinin 20 faizi isə Çinin sərhədləri daxilindədir. Kəşmir vilayətinə görə Hindistanla Pakistan arasında 3 dəfə müharibə olub. Dəfələrlə kiçik çaplı hərbi münaqişələr də baş verib. Ancaq münaqişə öz həllini tapmayıb. Hindistan üçün həyati əhəmiyyət daşıyan Kəşmir məsələsində Türkiyənin Pakistanın yanında olmasına cavab olaraq Hindistanda total şəkildə anti-Türkiyə təbliğatı gedir. İş o yerə çatıb ki, Hindistan anti-Türkiyə mövqeyi ilə seçilən Yunanıstan, Kipr və Ermənistanla xüsusi münasibətlər formalaşdırıb. Elə bu kimi səbəblərdən Hindistan Türkiyə-Pakistan münasibətlərini yaxından izləyir. Bu iki müsəlman ölkəsi arasında münasibətlərin dərinləşməsi Hindistanda təşviş doğurur. Orası da var ki, hindu millətçilərinə məxsus Hindistan Xalq Partiyası (BJP) 2014-cü ildən iqtidardadır. Hindistanın baş naziri Narendra Modi bu partiyanın lideridir. Onun iqtidarı dönəmində Hindistanda müsəlmanlara qarşı amansız təqib kampaniyası başlayıb və bu proses yüksələn xətt üzrə inkişafdadır. Narendra Modi hələ uzaq 2002-ci ildə müsəlmanların qırğınında xüsusi fəallıq göstərib. Elə bu səbəbdən də onun ABŞ-a girişinə bir müddət rəsmi qadağa qoyulub. Xatırladaq ki, Hindistan (1.35 milyard nəfər) əhalinin sayına görə Çindən (1.4 milyard nəfər) sonra ikinci yerdə gəlir. Hindistan əhalisinin 14.23 faizi müsəlmandır. Bu isə təxminən 200 milyon nəfər deməkdir. Qeyri-müsəlman ölkə olan Hindistan dünya üzrə ən çox müsəlman azlığa sahibdir. Bir məqamı da vurğulamaq gərəkdir: Hindistanda yaşayan müsəlmanlar arasında Pakistana xüsusi rəğbət var. Bu faktor da hindu millətçilərini hövsələdən çıxarır. Onlar bu amildən anti-müsəlman təbliğatında gen-bol istifadə edirlər. Hindistan saytı yazır ki, Pakistan raket texnologiyalarını sürətlə Türkiyəyə ötürür və Pakistanlı alimlər raket istehsalında gücünü artırmaq üçün Türkiyəyə kömək edir. Sayt iddia edir ki, nüvə silahına və uzaq mənzilli raketlərə sahib olmaq prezident Tayyip Ərdoğana sərhədsiz siyasi ambisiyalarını həyata keçirmək üçün lazımdır. Türkiyənin bu kimi texnologiyalara sahib olması isə Şimali Atlantika Alyansından tutmuş, Yaxın Şərqə qədər hər bir yerdə qorxu yaradır. Məqalədə deyilir ki, Türkiyə-Pakistan hərbçilərinin ən üst səviyyədə keçirdiyi görüş 22-23 dekabrda baş tutub. Pakistan tərəfinə general Mian Muhammad Hilal Hussain, Türkiyə tərəfinə isə ordu generalı Selcuk Bayraktaroglu rəhbərlik edib. Sayt Türkiyə mediasına istinadən yazır ki, iki ölkə birgə istehsal və satınalma da daxil olmaqla, müdafiə sənayesinin inkişafı üçün iş birliyinin vacibliyinə vurğu yapıblar. Pakistanlı generallar həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyə Ordusunun Baş Komandanı general Yaşar Gülər ilə görüşülbər. İki ölkə arasında nüvə və raket texnologiyasının mübadiləsi məsələsi isə xüsusi önəm daşıyıb. Belə ki, prezident Ərdoğan şəxsən Pakistan Ordusunun Baş Komandanı General Qəmər Javid Bjvadan (Qamar Javed Bajwa) xahiş edib ki, Pakistan sahib olduğu nüvə silahı texnologiyasını Türkiyə ilə bölüşsün. Məqalədə vurğulanır ki, Pakistan Müdafiə Nazirliyini təmsil edən heyət Bakyar (İHA OEM), TAI, HAVELSAN və ASELSAN da daxil olmaqla Türk müdafiə şirkətlərini ziyarət edib. Mərmi və digər hava texnologiyalarının istehsalı ilə məşğul olan Türkiyə Ordusu generalları və bürokratları ilə görüşüblər. O cümlədən Türkiyə Müdafiə Sənayesinə rəhbərlik edən professor İsmayıl Dəmir və CEO Türkiyə Aerospace Limited (TAI) şirkətinin başçısı doktor Temil Kotil də Pakistanın nümayəndə heyəti ilə görüşüb. Müəllif yazır ki, uzaq mənzilli raketlərin mühərrikinin istehsalı üçün istifadə olunan cihaz Çindən Pakistana ötürülüb. Mütəxəssislər bildirir ki, Pakistana məxsus Şahin-ll kimi uzaq mənzilli raketlərdə istifadə edilən batareyalar da Çindən alınıb. Şahin III raketləri isə 2.750 km uzaqlıqdakı hədəfi vura bilir. Bu raketlər həm də nüvə başlıqları daşımaq gücündədir. Çinin nüvə texnologiyasını Pakistana ötürməsi və Pakistanın nüvə potensialının inkişafına kömək etməsi bəlli həqiqətdir. Öz tərəfimizdən qeyd edək ki, Hindistan nüvə silahını Qərbin köməyi ilə əldə edib. Hindistanla Çinin münasibəti isə tarixən pis olub. Ona görə də Çin Hindistanla xoş münasibətdə olmayan Pakistana nüvə texnologiyasının inkişafına dəstək verib. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Hindistan, Pakistan, İsrail və KXDR isə qeyri-rəsmi şəkildə nüvə dövlətləri sayılırlar. Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun məlumatına görə Pakistanın 140-150, Hindistanın 130-140 nüvə başlığı var və bu ölkələr nüvə texnologiyası baxımından ciddi rəqabətdədirlər. Hindistan saytı xatırladır ki, prezident Ərdoğan hələ 2019-cu ilin sentyabrında etdiyi çıxışların birində Türkiyənin nüvə silahına malik olmasının vacibliyini vurğulamışdı: "Hazırda dünyada inkişaf etmiş ölkələr arasında demək olar ki, nüvə başlıqlı raketi olmayan ölkə yoxdur. Hamısının varıdır. Biri var, indi dövlət başçısı deyil, yanına getmişdim, mənə dedi ki, "bizə belə deyirlər, əlimdə indi 7 min 500-ə qədər nüvə başlıqlı raket var, amma Rusiyanın əlində 12 min 500, Amerikanın əlində 12 min 500 - 15 min nüvə başlıqlı raket var. İndi vəziyyətə baxın, onlar harda, nə üstündə yarışır, bizə nə deyirlər? "Bax, sən qəti hazırlama", deyirlər...Dəyərli bacı-qardaşlarım, biz hazırda bu işlə məşğuluq". Məqalədə deyilir ki, ABŞ-ın Türkiyəyə embarqo tətbiq etməsi rəsmi Ankaranın manevr imkanlarını məhdudlaşdırıb. Belə ki, türklər silah satışından əldə olunan vəsaitin azalacağını düşünürlər. Pakistan isə öz imkanlarından istifadə edərək Amerikanın tətbiq etdiyi embarqonun təsirini azaltmaq üçün Türkiyəyə kömək edə bilər. Məqalənin sonunda bildirilir ki, Türkiyə ilə Pakistan arasında hərbi texnologiyaların açıq şəkildə mübadiləsi Qərbdə məmnunluq yaratmır. Ancaq bu əməliyyatlar təkcə Qərbi narahat etmir. Belə ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Körfəz ölkələri də Pakistanın Türkiyəyə olan isti münasibətindən əndişə duyurlar və Pakistanın İslam dünyasındakı mövqeyini zəiflətməyə çalışırlar.

Elbəyi Həsənli,

Sürix Musavat.com B




bottom of page