top of page

Vətəndaşların 70,7%-i Prezidentin ordu quruculuğu sahəsində fəaliyyətini çox səmərəli hesab edir


“Ölkə prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ilin ikinci rübündə - aprel, iyun ayları ərzindəki fəaliyyətinin əks olunduğu “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı və “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusuna dair hesabatın ictimai təqdimatına həsr olunan brifinqdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, keçirilmiş sorğunun nəticələri aydın göstərir ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir: “Rəyi soruşulanların 70,7%-i, yəni mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür. 24,6% respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, prezidentə olan inam və etimadın artdığını bildirən 24,6% respondentin 82%-i ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta inam və etimadının azaldığını bildirən 2,6% respondentin 27,6%-i də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir”.

O qeyd edib ki, beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir: “Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9%-i tərəfindən çox səmərəli, 32%-i tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5% respondent kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, prezidentə olan inam və etibarının artdığını bildirən 24,6% respondentin 68,6%-i kadr islahatlarını yüksək qiymətləndirib. İnam və etimadının azaldığını bildirən 2,6% respondentin isə 8%-i kadr islahatlarını müsbət qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2%-i onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi - 74,3%-i korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir”.

İdarə Heyətinin sədr müavini deyib ki, ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter alıb: “Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli, 27,2% respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3%-i sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4% respondent isə fikir bildirməkdə çətinlik çəkib. Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1% respondentin 36,5%-i Nazirlər Kabinetinə, 33,4%-i isə Milli Məclisə etibar etdiyini qeyd edib”.

E. Mirbəşiroğlu əlavə edib ki, ölkə prezidentinin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb edir: “Hazırkı mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilib. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşür. Belə ki, respondentlərin 54%-i təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9%-i əsasən səmərəli hesab edir. Əks mövqe bildirənlər isə rəyi soruşulanların 6,5%-ni təşkil edir. Sözügedən istiqamətdə cavab verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində yüksəlmə müşahidə olunub. Belə ki, 10,7% respondent təhlükəsizlik və xarici siyasət istiqamətində fəaliyyətlə bağlı sualı cavablandırmaqda çətinlik çəkib”. Azadpress.az

bottom of page