top of page

Xalq üçün ayrılan 3.5 milyard hara xərclənib?-TƏHLİL



Bu ilin birinci yarısında koronavirus pandemiyasının Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklər dövlətin diqqət mərkəzindədir. Belə ki, ölkə rəhbərliyinin bilavasitə tapşırığına əsasən pandemiyadan zərərçəkən əhalinin sosial sosial rifahına dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilməkdədir.


Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.

Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Bu tədbirlər sayəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı gəlirləri qorundu. Bu zaman dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənildi. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb.

Eyni zamanda, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın  aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra olunub.

Pandemiyanın yaratdığı böhran şəraitində işini itirən şəxslərin dəstəklənməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması qərara alınıb. Artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılır. Bundan əlavə, məşğulluq imkanlarının genişləndirilməsi, insanların yoxsulluqdan qorunması üçün özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə (50 min ailə üzvü) ilə kiçik təsərrüfatların qurulması işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb. 28 iyul 2020 tarixədək artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.


Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni Qərarı ilə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur.

Bu da özünüməşğulluq proqramının icrasının yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır. Həmin şəxslərə yerli məşğulluq orqanlarının  köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək.

Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.

Proqramın genişləndirilməsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Banklarla da əməkdaşlıq həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir.

Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının  genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalardan olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur.


Dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edir və son aylarda 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və Prezident İlham Əliyev iyulun 14-də həmin qanunu - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək.

Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Görülən tədbirlər nəticəsində əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib. Belə ki, 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur.

Dövlət başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Eyni zamanda şəffaflığın, ictimai nəzarətin  təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.


Əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlər çərçivəsində işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti artırılıb.

Ötən müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığını təmin etməyə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət təqaüd,  kompensasiya, ünvanlı sosial yardım) 2,3 milyon şəxs alır.

Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın müddəti uzadılıb. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə  əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Pandemiya dövründə həmçinin yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılıb. Nəticədə ölkə üzrə15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olunub. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.


Əhali üçün nəzərdə tutulan digər dəstək tədbirlərindən biri də güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasıdır. Bunun üçün sərf olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib.

Dəstək tədbirləri ilə yanaşı, sosial təminat və sosial müdafiə sistemlərdə şəffaflaşma tədbirləri də həyata keçirilir. Belə ki, bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki  Dövlət Sosial Müdafiə Fonduna (DSMF) pensiyaların maliyyələşdirilməsi ilə bağlı dövlət öhdəliklərinin icrası üçün transfertin (dövlət büdcəsindən ayrılan vəsaitin) həcmi 903 milyon manat müəyyən olunsa da, həmin vəsaitin 848 milyon manatından istifadə edilib. Beləliklə, yanvar-iyun aylarında  Fondun xərcləri 24 faiz və ya 453 milyon manat artsa da, transfertin həcmi proqnozdan 55 milyon manat və ya 6 faiz az olub.

Qeyd edək ki, pensiyaların təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi pensiyaların nominal xərcləri üzrə 2018-ci ildə 26 milyon manat, 2019-cu ildə 104 milyon manat, 2020-ci ilin ilk altı ayında 55 milyon manat vəsaitə qənaət edilməsinə imkan verib. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 milyon manat təşkil edib.


Comments


bottom of page