top of page

"Öz müqəddəratını təyinetmə"Qarabağdakı ermənilərə şamil edilmir -Professor Hayntse


Bohum universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yohim Hayntse Berlində Qarabağ probleminin həllinə həsr edilən diskussiyada çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi kontekstində “ərazi bütövlüyü” və “xalqların öz müqəddaratını təyin etmə hüququ” prinsiplərinin balansına dair öz fikirlərini açıqlayıb.


Azadpress.az xəbər verir ki, professor belə deyib:

“Əgər Dağlıq Qarabağ münaqişəsinə nəzər yetirsək, o zaman münaqişəyə iki dövlət - Azərbaycan və Ermənistanın cəlb edildiyini görərik. Ermənistanın mövqeyi “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək hüququnu realizə etməsindən ibarətdir. Azərbaycan tərəfi isə öz növbəsində ərazi bütövlüyü prinsipini əsas hesab edir. SSRİ dağıldıqdan sonra “uti possidetis” prinsipi tətbiq edilib ki, bu prinsipə əsasən, yeni formalaşan dövlətlər keçmiş ittifaq respublikaları sərhədlərini miras olaraq əldə etsin. Lakin mən hesab etmirəm ki, Ermənistanın mövqeyi doğrudur. Çünki Dağlıq Qarabağ əhalisi Azərbaycan xalqının bir hissəsi olub. Dağlıq Qarabağ əhalisi Azərbaycan xalqının tərkib hissəsi olaraq öz dövlətinə loyallıq öhdəçiliyinə malik olub. Dağlıq Qarabağ erməniləri milli azlıqlardır, xalq deyil, məhz bu səbəbdən xalqların hüququ prinsipi onlara şamil edilmir”


Hüquqşünasın fikrincə, münaqişədə real başlıca müddəa məhz bu olub, amma Ermənistan bununla razı deyil.

“İndi yaranmış vəziyyətdən çıxış yolları tapmaq lazımdır və bu yollar BMT nizamnaməsinin altıncı fəslində təsvir edilib. Orada deyilir ki, tərəflər mübahisə və münaqişələri ilk növbədə sülh yolu - danışıqlar, vasitəçilik, arbitraj və digər metodlarla həll etməyə çalışmalıdır. Mənim üçün bir hüquqşünas olaraq böyük məyusluq doğuran beynəlxalq ictimaiyyətin münaqişə üzrə bir neçə qətnamə qəbul etməsinə baxmayaraq sonradan yarı yolda durması, müvafiq qətnamələri praktikada tətbiq etməməsi faktıdır”, - deyə ekspert qeyd edib.

“Beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş” kimi nəzərdən keçirməsinə görə məzəmmət etməmək mümkün deyil. Bu doğru yanaşma deyil, belə ki, istənilən “dondurulmuş” münaqişə istənilən saniyə partlaya bilər. Humanitar yardım aspektlərinə xüsusi əhəmiyyət verməklə, münaqişə səbəblərinin aradan qaldırılması üzərində işləmək yerinə münaqişələrə hazır olmağın gərəkliliyini bəyan etməklə Avropa İttifaqı da doğru hərəkət etmir”,- deyə Hayntse vurğulayıb.


Hüquqşünasın sözlərinə əsasən, Aİ, xüsusən Almaniya tərəfindən göstərilən səylər kifayət deyil: “Almaniya siyasətinə də müəyyən iradlar var. Əgər bu mərhələdə prinsipial problemləri və münaqişədəki ziddiyyətləri həll etmək mümkün deyilsə, o zaman praktiki problemləri həll etmək lazımdır. İnsanların öz evlərindən qovulması halı dözülməzdir. Bun insanlarla bağlı insan hüquqlarının bərpasına dair heç nə bir addım atılmır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət, o cümlədən Almaniya tərəfindən Dağlıq Qarabağ məsələsində bir-birinin ardınca kiçik praktiki addımlar atılmalıdır”.

bottom of page