top of page

Əhali üzrə qazın qiyməti necə hesablanacaq?


Azərbaycanda qaz qiymətləri iyulun 1-dən yeni tariflərlə hesablanacaq. Bununla bağlı Tarif Şurası yeni qərar qəbul edib. Bəzi sahələrdə istifadə edilən qazın qiyməti bahalaşıb, bəzi sahələrdə isə ucuzlaşma var. Təfərrüatları Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev facebookda canlı yayımda özü açıqlayıb.

Azərbaycanda qaz qiymətləri dəyişdi. Bir qismi bahalaşdı, bir qismi isə aşağı salındı... Yeni tariflər Dövlət Neft şirkətinin müraciəti əsasında Tarif Şurasının qərarı ilə müəyyən edilib...

Yeni tariflərlə bağlı facebookda canlı yayımda danışan Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, illik 1200 kubmetr qaz istifadə edən abonentlər üçün heç bir dəyişiklik edilməyib. Ancaq bundan yuxarı həcmdə qaz istehlakçıları üçün rəqəmlərdə artım var.

Azəriqazın rəhbəri bildirib ki, sənaye və kənd təsərrüfatı ilə məşğul olanlar qazla bağlı narahat olmaya bilərlər. Çünki, bu sahədə çalışanlar üçün qaz qiymətlərində heç bir dəyişiklik yoxdur. Ancaq digər xidmət sahələrində istifadə edilən qazın qiyməti hər kubmetr üçün 5 qəpik artırılıb.

Ruslan Əliyev mərkəzi istilik sistemləri üçün istifadə edilən qazın qiymətinin isə endirildiyini açıqlayıb.

Bundan başqa avtomobillərin istifadə etdiyi sıxılmış qaz qiymətində də ucuzlaşma var. Ruslan Əliyev bu qazın qiymətinin aşağı salınmasının sosial yönümlü addım olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, Dövlət Neft Şirkəti qazın qiymətinin artırılmasını təklif edərkən Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün zərurətin yarandığını əsas gətirib.

Tarif Şurasının yaydığı məlumatda o qeyd olunub ki, əhali abonenti üçün 1 kubmetr qazın qiyməti Türkiyənin paytaxtı Ankarada 32-40 qəpik arasında, Kiyevdə isə 54 qəpik səviyyəsində qərarlaşıb. Yeni müəyyən edilmiş tarif bu ölkələrdəki tarifdən aşağıdır. Qeyri-əhali abonenti üzrə isə 1 kubmetr qaz hazırda Türkiyədə 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21.9-78.2 qəpik, Rusiyada isə 15.3-18.2 qəpik arasında dəyişir.

Azadpress.az



bottom of page